“Öz içimizdəki “fransızlar” bu gün də birlik nümayiş etdirməkdən boyun qaçırır” - Ramil Hüseynov

15:23 18.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İqtidar-müxalifət dialoqu, həmrəyliyi siyasi partiya və ayrı-ayrı ictimai təşkilatların növbəti Ağdam səfəri, o cümlədən bu istiqamətdə aparılan müzakirələr fonunda yenidən gündəmə gətirilib. Siyasi təşkilatların Ağdam səfərində üzləşdiyi faktlara əsasən bu prosesdən kənarda qalan partiyalara, “xarici tənqidçilər"ə qarşı yanaşmalar birmənalı deyil.

Bu istiqamətdə Hafta.az-a Ağdama səfərlə bağlı təəssüratlarını bölüşən “Yeni Xətt” Siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov danışıb.


- Siyasi partiya və ictimai təşkilatlardan ibarət bir qrup nümayəndə heyətinin son Ağdam səfərini necə dəyərləndirirsiz. Ağdamda nələri müşahidə etdiniz?

- Bəli, Ağdama həyat qayıdır. Bir yanda dəhşət doğuran dağıntılar, bir yanda da bərpa işləri... Görünən mənzərə sübut edir ki, işğalçılıq məfkurəsi ilə torpaqlarımızı zəbt edən erməni separatçıları o torpağın sahibləri olmadıqlarını əməlləri ilə göstəriblər - dağıdıblar, talan ediblər, qırıblar, töküblər. 44 günlük savaşda işğalçını qovub ərazilərindən Azərbaycan dövləti bu gün o dağıntıların aradan qaldırılması üçün böyük işlər görür. Bir yandan torpaq, daş qalaqlarını təmizləyir, bir yandan abadlaşdırır. Torpaqlarımızda törədilən o vəhşiliklər insanda qəzəb hissi yaradır, bərpa işləri isə qürur, fəxarət hissi...

Bu gün dünyanın müxtəlif ölkələrindən Azərbaycanın işğaldan azad olan ərazilərinə xarici səyyahların səfərləri də təşkil olunur. Sivil cəmiyyət toplumu o ərazilərdə reallığı görür. Əlbəttə ki, hər kəsdə insanlığa sığmayan hərəkətlərə qarşı nifrət hissi yaranr. Amma artıq əsl reallığın olduğu kimi çatdırılması onların maraqlarına, vicdanlarına baxır. Eyni zamanda düşünürəm ki, bu səfərlərlə uzun zamandan bəri erməni yalan informasiyaları ilə çirklənən beyinlər qismən də olsa təmizlənir.

- Siyasi partiya və təşkilatların işğaldan azad olunmuş ərazilərimizə səfərlərinin əhəmiyyəti nədir?


- Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin səfər zamanı çıxışı oldu. Orada deyildiyi kimi, bütün uğurların qorunmasında həmrəylik mühitinin müstəsna rolu var.

İşğaldan azad olunmuş ərazilərə səfərlər ölkəmizdə 44 günlük müharibədən sonra daha qabarıq görünən siyasi dialoq mühitinin bir hissəsidir. Hesab edirəm ki, bu səfərlər cəmiyyətdə, ictimai-siyasi sferada etibarlı və güvənli münasibətlərin formalaşdırılmasına xidmət edir. Qeyd edim ki, son illər ərzində Ağdam, Şuşa, Zəngilan, Xocalı, Əsgəran, Xankəndi, Laçın və Cəbrayıla bir neçə dəfə bu cür səfərlər təşkil olunub. Bu, həm də ictimai-siyasi fəallığı ilə seçilən potensialın səfərbər edilməsi, mövcud iqtidar-müxalifət dialoqunun təzahürüdür.
Əlbəttə ki, belə səfərləri yüksək qiymətləndirirəm. Bu, həm də 44 günlük savaşda yaranan vahidliyin, birliyin bu gün də işğaldan azad olunmuş torpaqlarımızın abadlaşdırılması prosesində davamlıdır. Bu çox mühüm bir prosesdir. Bu, həm qələbə səfəri, həm də həmrəylik, vətənə, torpağa sədaqətin nümayişidir. Ona görə də bu cür səfərlərin davamlı olaraq baş verməsi dövlət siyasətinin proyektiv məsələlərindən biridir. Çünki siyasi həmrəylik bütün spektrlərin bir arada birləşməsi və dövlətə, millətə olan münasibətin eyni formada sərgilənməsidir. Bu səfərlər siyasi strategiyamızın mühüm prinsiplərindən biridir. Mühaibədən sonrakı illərdə geosiyasi proseslərə baxsaq, ondan sonra da bu birliyin qorunmasının bizim üçün daha çox vacib olduğunu görürük.
Biz bilirik ki, Azərbaycanın işğal altında qalan torpaqları, o cümlədən Ağdam tamamilə dağıdılmışdı. Ağdam sıfırdan tikilir. Biz bir daha orada şahidlik etdik ki, beynəlxalq miqyasda qəbul olunmuş iqtisadi layihələr dövlətimizə hansı dividentləri verir, hansı pespekivləri vəd edir. Sadə bir missal deyək: Hələ torpaqlar işğaldan yeni azad olunmuşdu, artıq bir çox insanlar narahat idi ki, nəyə görə həmin ərazilərə köç edilmir. Ancaq həmin ərazilərdə olan hər bir kəs bərpa-quruculuq işləri aparılmadan orada yaşayışın mümkün olmadığını yaxşı dərk edirdi. O yerlərdə torpaqlarımız minalanıb, dağntılar var. Dövlətimiz öz işini elə nizamlayır ki, insanlarımız öz yurdlarına əlavə zərər görmədən qayıda bilsinlər. Təbii ki, bu proses böyük qayıdış proqramına əsasən davam edir. İşğaldan azad olunan ərazilərə edilən səfərlərdən sonra təbii ki, siyasi xadimlər, ekspertlər müşahidələr aparır vəziyyəti düzgün təhlil edərək ictimaiyyətə çatdırırlar. Yaranmış sualların cavabı orda var.
Dediyim kimi, Ağdamda sürətli bərpa işləri gedir, amma dağıntılar da var. Təbii ki, erməni qəsbkarları, terrorçuları tərəfindən yerlə yeksan edilmiş şəhərin birdən-birə qurulması mümkün deyil, amma aparılan sürətli bərpa işləri ümidverici perspektivdən xəbər verir.
Artıq Ağdamda Azərbaycan brendi adı ilə bəzi məhsulların xaricə ixracına başlanıb. Bu o deməkdir ki, Ağdam artıq qurulur. Gələn il Ağdama 20 min insanın köçürülməsi nəzədə tutulub. Artıq Ağdam öz sakinlərini, onu sevənləri qarşılamağa hazırdır. Xıdırlıda böyük kənd, iqtisadi sənaye parkları salınıb. O parklarda iqtisadiyyatımızın gələcəyinə hesablanmış möhkəm özüllü bünövrələr görünür. Bu cür bərpa işləri Qarabağ iqtisadi rayonunun digər bölgələrində də aparılır.
Səfər zamanı Ağdam Dəmiryol və Avtovağzal Kompleksinin fəaliyyəti ilə yaxından tanış olduq. Daha sonra bizə Xıdırlı kəndində görülən inşaat işləri haqqında geniş məlumat verildi. Ağdam Muğam Mərkəzi, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi, Ağdam Konqres Mərkəzi və Ağdam "City Hotel" mehmanxanasında, eyni zamanda, İmarət Kompleksi və Cümə Məscidini də ziyarət etdik.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda qısa müddət ərzində görülən işlərin timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan genişmiqyaslı işlərlə bağlı qısa və dolğun məlumat verdi. Eyni zamanda, Ağdam Sənaye Parkı haqqında da geniş məlumat verildi.

“Böyük Qayıdış” Proqramı çərçivəsində bildirildi ki, Ağdamın turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə uzlaşdırılacaq. Ağdamda beynəlxalq tədbirlərin keçirilməsi faktı isə bütün Qarabağın dünyanın siyasi xəritəsində nüfuzlu məkanlarından birinə çevrilməsi deməkdir.
Mən fürsətdən istifadə edərək, Prezidentin Ağdam üzrə nümayəndəsi Emin Hüseynova həm qonaqpərvərliyinə, çox yüksək səviyyədə bizə çatdırdığı məlumatlara görə təşəkkürümü bildirirəm. Təbii ki, bu səfər zamanı daha çox minnətdarlıq hissi ilə yada saldığımız şəhidlərimizdir. Allah ruhlarını şad eləsin. Qazilərimizə təşəkkürümüzü bildiririk. Prezidentə təşəkürümüzü bildiririk ki, bu səfərləri diplomatik strategiya kimi beynəlxalq hüquq normalarına uyğun həyata keçirdir. Bizi səfərlərə aparan Prezidentin köməkçisi Ədalət Vəliyevə təşəkkürümü bidirirəm. Bu çox gözəl nümunədir və davamlı olmasını istərdik. O yerlərə getmək, dağıntıları görməklə yanaşı, aparılan bərpa işlərini müşahidə etmək bizə qürurverici duyğular yaşatdı.

- Səfərdən sonra təəssratlarınızı ictimaiyyətlə bölüşə bildinizmi?


- Səfərdən yeni qayıtmışıq, amma mən hələ də o təəssüratların içindəyəm. Bunu bölüşmək insanın özünə də xoşdur. Biz bu səfərləri müzakirə etdik və bunun önəmini, əhəmiyyətini bir daha dərk edərək, öz çevrəmizlə bölüşdük. Bizim o torpaqların niskili ilə yaşadığımız dövrlər var. Bizim müzakirələrimiz insanların sualları əsasında aydınlaşır. Biz hadisələri öz gözümüzlə görəndən sonra insanlarla danışmağımız da rahat olur.

- Bütün siyasi partiyalar tam olaraq bu səfərə qatıldımı və bu müstəvidə vəziyyət nədir, məqsəd nədir?

- Hansı partiya və ya təşkilat bu səfərlərdən imtina edir və yaxud, bunu iqtidara yarınma, siyasi fəaliyyətin məhdudlaşdırılması kimi qəbul edirsə, kökündən yanlışdır. Vətənin, torpağın bu günlərində iqtidara qarşı guya belə bir mübarizə üsulu seçilməsi doğru deyil, qəbul edilə bilməz. Bu, işğal dövründə dağıdılan torpaqlarımızın yenidən bərpa prosesinə biganəlikdir. Bu bizim şanlı, milli kimliyimizi isbat edən bir tarixə xəyanətdir. Belə səfərlər bizim üçün çox önəmlidir. Bu səfərdə iştirak edənlər mühüm tarixi prosesin iştirakçılarına çevrilir. Hər birimiz Ağdamda, yaxud digər azad olunmuş ərazilərdə əyani gördüklərini ictimaiyyətə tamamilə fərqli aspektdə təqdim etmək imkanı qazanırıq. Biri var erməni vandallarının törətdiyi vəhşilikləri yazılanlardan oxuyasan, yaxud ekranlardan izləyəsən, bir də var o dağıntıların, qırılan ağac kötüklərinin, talan edilən, viran qoyulan kəndlərin, evlərin uçuq divarlarının arasında o ağrını hiss edəsən. Vətənin tar-mar edilmiş mənzərəsi insanı çox sarsıdır və hansı düşmənlə üz-üzə olduğunu bir daha dərk edirsən. Və belə bir dönəmdə beynəlxalq müstəvidə ölkəmizə qarşı yönələn təsiredici həmlələri müşahidə etdikcə, Azərbaycan ictimai-siyasi kəsiminin daha sıx birləşməsinin vacibliyini bir daha dərk edirsən. Nə yazıqlar olsun ki, hətta müharibə zamanı az qala Azərbaycanı öz torpağını müdafiə etdiyinə görə qınamağa qalxan öz içimizdəki “fransızlar” bu gün də birlik nümayiş etdirməkdən boyun qaçırır.

Əslində bu çox incə məsələdir, qəbul oluna bilməz. Çünki torpaqların işğaldan azad olunması hadisəsini bu dərəcədə küçümsəmək, biganəlik göstərmək çox yanlışdır, dövlətə, dövlətçilyə qarşı cinayətdir, xəyanətdir. Biz 11 milyonluq xalqıq. Bura 60 milyonluq dünyaya səpələnmiş azərbaycanlıların da vətənidir. Bu vətəni qorumaq hər bir vətəndaşın borcudur. Siyasətçinin isə üzərinə daha çox məsuliyyət düşür. Eyni zamanda dövlətçiliyin qorunmasına sadiqliyini nümayiş etdirmək üçün bu siyasi bir kursdur. Amma bəzi siyasətçilər var ki, bu prosesi küçümsəyirlər. Biz bilirik ki, bu prosesdə iştirak etməyən partiyalar Müsavat-AXCP cütlüyüdür. Bu partiyaların mövqelərini anlamıram, qəbul etmirəm. Amma onların mövqelərini dəyişdirmək üçün müəyyən işlərin görüldüyünü də deyə bilərik. Biz zaman-zaman mətbuat vasitəsi, eləcə də müəyyən tədbirlərdə həmin partiyaların yanlış yolda olduğunu bildirmişik. Çünki bu, vətən, dövlət üçündür. Amma onlar bunu görmək istəmirlər, şəxsi ambisiyalarını düşünərək addımlar atırlar. Bunun başqa adı yoxdur. Mən nəyə görə Qarabağa səfər etməli deyiləm. Mən nəyə görə bu hadisələri daha böyük spektorda, beynəlxalq və digər qurumlarda danışmamalyam. Bu mənim öz torpağım, vətənimdir. Axı biz 30 ildən sonra torpaqlarımızı işğaldan azad edərək böyük qələbə qazandıq. Nəyə görə mən o torpaqların işğaldan sonra dağıntı vəziyyətini təşkil olunan bu cür səfərlərin xətti ilə görməməli və bunu olduğu kimi təqdim etməməliyəm. Bu prosesə qoşulmaq istəməyənlər varsa, deməli burda şəxsi maraqlar və ambissiyalar var. Bu addımlar dövlət, vətən üçün xeyirli ola bilməz. Sadə məntiqdir. Biz yaxşı anlayırıq ki, bunların atdığı addımların heç bir gücü, təsri yoxdur. Çünki ətraflarında heç kim qalmayıb. Və məhz bu yanlış addımlarına görə elektoratlarını itiriblər. Bu gün bəziləri oturub kamera qarşısında təkbaşına çıxış edir və onu feyk hesablarından paylaşır, bundan təsəlli tapırlar. Zamanında hansı nüfuzları var idi, indi nə vəziyyətdədirlər. İnsanları aldada-aldada iç üzləri ortaya çıxdı və artıq siyasi arenadan yoxa çıxıblar. İlk vaxtlardan həmin partiya sədrlərinin səfərə gedən partiyalara hansı adları qoyduğunu da unutmadıq. Mən o səfərlərdə iştirak edib-etməməyimdən asılı olmayaraq həmişə bu prosesi yüksək dəyərləndirmişəm.
Ağdamda ermənilər tərəfindən dağıdılan, içərisində donuz saxlanan, indi isə bərpa edilən Məscidin axundu danışdı. Dedi ki, Vaxtilə dağıdılan məsciddən bir daş götürülüb Heydər Əliyevə verilib. Məscid bərpa ediləndən sonra o daşı yerinə qaytarıb qoyublar. Bunun çox mühüm hikməti var. Artıq daşlar öz yerinə oturduldu və qopan daşlar yerinə bərkidildi. Xatırlayırsızsa, torpaqlar alınanda “niyə Xankəndiyə girilmədi”- deyə narahat olanlar var idi. Amma biz gördük ki, Prezident özü nəyi necə edəcəyini yaxşı bilir və proses planlı şəkildə irəliləyir. Bir çoxları bu vəziyyəti tənqid edirdi. Guya narahat idilər, amma sevinirdilər ki, yaxşı ki, iş yarımçıq qaldı. Bir çoxları bu prosesi şəxsi ambissiyalarına çevirdilər. Amma yenə də yanıldılar. Bu səfər aparılan strateji siyasətin davamıdır. Bu, son Xankəndi Zirvəsi, Əbu-Dabi görüşü, Suriya Prezidentinin Azərbaycana səfərinin tərkib hissəsidir.

- Belə bir şəraitdə öz məqamını gözləyənlər də var. Onların baş qaldırmaması üçün hansı işlər görülür?


- Yanlış siyasət nəticəsində həmin qara qruplar daxildə təsiretmə mexanizmlərini itiriblər. Amma öz şanslarını gözləyirlər. Elə insanlar qisas hissi ilə yaşayanlardır və bu, daha çox onların özünə ziyan vurur. Məsələn, artıq müharibədən əvvəl iqtidar-müxalifət dialoquna doğru proses başladıldı. Özünü o dialoqdan kənarda hiss edənlər oldu, amma daxildə prosesə təsir edə bilmədiklərinə görə özlərinə xaricdən danışanlar düzəltdilər. Kimlərsə ya bilərəkdən, ya bilməyərəkdən xaricdən - Fransadan, İngiltərədən, ABŞ-da oturub Azərbaycana qarşı böhtanlar atırlar. Biz həmişə onların səviyyəsinə enmədən cavablarını verməyə çalışırıq. Çünki onların haqqı yoxdur ki, şəhidlərimizin qanı hesabına alınan torpaqlarımız üzərində yaradılan şəraiti küçümsəsinlər.

- Mövcud vəziyyəti necə dəyərləndirirsiz. Gələcək siyasətçilər partiyalar üçün nələri vəd edir?

- Biz gələcəyi görürük. O gələcəyə şər atanlar ləkəli insanlardır. Daxildə isə siyasi partiyalar və təşkilatlar artıq bir-birinə qarşı söyüş, ittihamlar səsləndirmir. Hesab edirəm ki, siyasi proseslərdə aralıq-keçid dövrünü yaşayırıq. Bizim üçün bu qürurverici keçid dövrüdür. Artıq siyasi partiyaların fəaliyyətində yeni dönəm başlayacaq. Siyasi partiyalar yeni reallıqlara uyğun addımlar atıb, adaptasiya dövrünü düzgün keçməlidir. Adaptasiya dövrü bitəndən sonra bizim üçün yeni dönəm başlayacaq.